Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Dünən “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın müzakirə edilməsi məqsədilə Naxçıvan Şəhər İcra Hakimiyyətində tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 17 mart tarixli Sərəncamına əsasən “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” nəşr olunub, aprelin 26-da atlasın təqdimatı keçirilib. Sərəncamda qeyd olunur ki, atlasın nəşri təbii resurslardan səmərəli istifadə, əhalinin, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, infra­struktur obyektlərinin, o cümlədən qaz kəmərlərinin, kommunikasiya xətlərinin fövqəladə hallardan qorunması, istehsal qüvvələrinin inkişafı məsələlərinin əsaslandırılmış şəkildə həll edilməsi məqsədi daşıyır. Ali Məclis Sədrinin sərəncamına əsasən hazırlanan “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” bu sahədə vahid elmi yanaşmanın təmin olunmasına xidmət edən ilk dəyərli nəşrdir.

İcra Hakimiyyətinin başçısı qeyd edib ki, 6 bölmədən ibarət olan atlasda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin praktik olaraq planlaşdırılması və həyata keçirilməsi müəyyən edilib. Eyni zamanda atlasda muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı göstəricilər, infrastruktur obyektləri barədə məlumatlar, müxtəlif miqyaslı inzibati və coğrafi xəritələr verilib. Yeni nəşr dəyərli məlumatlara malik olması baxımından Naxçıvan şəhəri üçün də müstəsna əhəmiyyət kəsb edir.
Sonra Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” redaksiya heyətinin sədr müavini Şamı Abdullayevin, redaksiya heyəti üzvlərindən Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubovun, muxtar respublika Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilovun çıxışları olub. Çıxış edənlər atlasın nəşrinə göstərdiyi qayğıya görə muxtar ­respublika Ali Məclisinin Sədrinə ­minnətdarlıqlarını bildiriblər. 
Çıxışlarda tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, muxtar respublikada, eləcə də Naxçıvan şəhərində mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və onun strukturuna daxil olan qurumlar üçün müasir iş və xidmət şəraiti yaradılıb, yeni yanğınsöndürmə avtomobilləri və müxtəlif təyinatlı texniki avadanlıqlar alınıb, nazirliyin mərkəzi aparatı və struktur qurumlarının ixtisaslı kadrlarla komplektləşdirilməsi və peşəkarlığının artırılması sahəsində də tədbirlər görülüb. Bu atlas muxtar respublikada, eləcə də Naxçıvan şəhərində fövqəladə halların qarşısının alınmasına və mülki müdafiə işinin təşkilinə öz töhfəsini verəcəkdir. Atlasda fövqəladə halların başvermə təhlükəsi və onların qarşısının alınması üzrə tədbirlər sistemli şəkildə təqdim olunub. 
Vurğulanıb ki, kitabda muxtar respublikanın iqtisadi-coğrafi şəraiti və inzibati ərazi bölgüsü, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması işinin təşkili haqda dəyərli məlumatlar vardır. Bundan başqa, atlasda təbii fövqəladə hal mənbələrinin mövcudluğu, yayılma arealı və təhlükəsi, əvvəlki illərdə muxtar respublikada baş vermiş bu tip təbii fəlakətlər, onların vurduğu ziyan haqqında statistik məlumatlar yer alır. Həmçinin bu atlasda aqroiqlim təhlükələri və riskləri araşdırılır, muxtar respublika iqtisadiyyatının əsas hissəsini təşkil edən kənd təsərrüfatına mənfi təsir göstərə biləcək əlverişsiz iqlim amilləri şərh olunur, şəhər və rayonlarda aqroiqlim ehtiyatlarının paylanması xüsusiyyətləri, həmçinin əkin sahələrinin əlverişsiz aqroiqlim hadisələrinə məruzqalma səviyyəsi təhlil edilir, zəruri tövsiyələr verilir. Əlavə olaraq fövqəladə hallar atlasında texnogen fövqəladə hal təhlükəsinin yaranması xüsusiyyətlərindən, texnogen fövqəladə halların təhlükə riskinin daha çox olduğu ərazilərdən, qəzaların qarşısının alınması üçün müəyyənləşdirilmiş profilaktik tədbirlərdən bəhs edilir. 
Diqqətə çatdırılıb ki, atlasın sonuncu bölməsində təhlükəli xəstəliklərin hər biri haqqında ayrıca məlumatların verilməsi ilə yanaşı, həm də onların yayılma riskləri və profilaktikası sahəsində görüləcək tədbirlər ətraflı izahını tapıb. Qeyd olunan xüsusiyyətlər atlası fövqəladə hallar üzrə ensiklopedik məlumatları özündə əks etdirən nəşr, eləcə də normativ-metodiki vəsait kimi dəyərləndirməyə əsas verir. Şübhə yoxdur ki, müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları, eləcə də Naxçıvan Şəhər İcra Hakimiyyəti fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin planlaşdırılmasında bu nəşrdən faydalanacaqlar. Fövqəladə hallar atlası belə halların qarşısının alınması, bu zaman fəaliyyət üzrə idarəetmə orqanlarının və qüvvələrinin fəaliyyətinin planlaşdırılması, təşkili baxımından müstəsna əhəmiyyət kəsb edir. “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” fövqəladə halların ekoloji nəticələrini aradan qaldırmaq üzrə işlərə metodiki rəhbərlik etmək, eləcə də bir çox digər tədbirlərin operativ yerinə yetirilməsində istiqamətverici metodik vəsait kimi muxtar respublika ekoloqlarının yol xəritəsi və etibarlı mənbə rolunu oynayacaqdır. 
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, Naxçıvan şəhər fövqəladə hallar komissiyasının sədri Sərdar Salahov Naxçıvan şəhərində həyata keçirilən mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması istiqamətində görülən işlərdən danışaraq qeyd edib ki, komissiya bundan sonra “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”ndan metodik vəsait kimi istifadə edəcəkdir.
Tədbirə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov yekun vurub.

 Səbuhi Hüseynov

 

675817
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
4
255
568
11363
675817

Tarix: 24 -04-2024