01 aprel 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə “Diaqnostika Müalicə Mərkəzi” publik hüquqi şəxsdə “Səhiyyə müəssisələrində mülki müdafiə və fövqəladə hallara hazırlıq işi diqqətdə saxlanılmalıdır” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

 Tədbirin əsas məqsədi səhiyyə müəssisələrində mülki müdafiə və fövqəladə hallara hazırlıqla bağlı müəyyən olunmuş tələblərə əməl olunması haqqında məlumat vermək olmuşdur. 
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin baş məsləhətçisi, dövlət qulluqçusu Azadə Cəfərova “Səhiyyə müəssisələrində mülki müdafiə və fövqəladə hallara hazırlıq  təhlükəsizliyin qarantıdır” mövzusunda iştirakçılara məlumat verib. Məruzədə qeyd olunub ki, tibb müəssisələrində mülki müdafiə tədbirlərinin planlaşdırılması və keçirilməsi, fövqəladə hallara hazırlıqla bağlı müəyyən olunmuş tələblərin yerinə yetirilməsi işçilərin fövqəladə hallarda təhlükəsizliyi üçün zəruri şərtdir.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin baş məsləhətçisi, dövlət qulluqçusu Afaq Alməmmədova isə “Fərdi və kollektiv mühafizə vasitələri” mövzusunda tədbir iştirakçılarına məlumat verib. Məruzədə kimyəvi və radioaktiv zəhərlənmə zamanı tibb işçilərinin fərdi və kollektiv mühafizə vasitələrindən istifadəsi, fəaliyyəti və təhlükəsizliyi ətraflı şəkildə qeyd olunub.

 

Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti