Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Dövlət Sosial Müdafiə Fondunda mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.

 Tədbirin əsas məqsədi Dövlət Sosial Müdafiə Fondunda mülki müdafiə işinin müasir tələblər səviyyəsində təşkilinə nail olmaq, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, fövqəladə hallar zamanı davranış və fəaliyyət qaydaları haqqında iştirakçılara məlumat vermək olmuşdur.

Tədbiri giriş sözü ilə açan Dövlət Sosial Müdafiə Fondunun aparat rəhbəri Rafiq Novruzov bu cür maarifləndirmə tədbirlərinin mütəmadi keçirilməsinin əhəmiyyətini və vacibliyini vurğulamışdır.
Daha sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin baş məsləhətçisi, dövlət qulluqçusu Azadə Cəfərova “Mərkəzi icra hakimiyyəti orqanlarında mülki müdafiə işinin etibarlı təşkili təhlükəsizliyin qarantıdır” mövzusunda iştirakçılara məlumat verib. Məruzədə qeyd olunub ki, Dövlət Sosial Müdafiə Fondunda mülki müdafiə tədbirlərinin planlaşdırılması və keçirilməsi, fövqəladə hallara hazırlıqla bağlı müəyyən olunmuş tələblərin yerinə yetirilməsi işçilərin fövqəladə hallarda təhlükəsizliyi üçün zəruri şərtdir.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin baş məsləhətçisi, dövlət qulluqçusu Afaq Alməmmədova isə “Fövqəladə hallar zamanı ilk tibbi yardım göstərməyi hər kəs bacarmalıdır” mövzusunda tədbir iştirakçılarına məlumat verib.
Sonda tədbir iştirakçıların verdiyi suallar cavablandırılmış, mövzulara aid video-çarxlar, videolar təqdim edilmişdir.

 Fövqəlаdə Hаllаr Nаzirliyinin
mətbuаt хidməti