Muxtar respublikanın digər şəhər və rayonlarında olduğu kimi Ordubad rayonunda da yoluxucu xəstəliklərə və virus yoluxmalarına qarşı tibbi profilaktik tədbirlər həyata keçirilir. Qeyd edək ki, bu günlərdə Naxçıvan Muxtar Republikası Fövqəladə Hallar Nazirliyinin Ordubad rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin əməkdaşlarından təyin olunmuş dezinfeksiya qrupları rayon ərazisində keçirilən bu kimi tədbirlərin yerinə yetirilməsinə cəlb olunub. Binaların ətrafı və zirzəmilər, ticarət obyektləri, yollar 1 %-li formalin məhlulu ilə, binaların girişləri və otaqlar isə 2 %-li xlor məhlulu ilə dezinfeksiya edilir.

Əsas məqsəd əhalinin sıx cəmləşdiyi yerlərdə, ticarət mərkəzlərində, ictimai yaşayış evlərində, həyat təminatlı obyektlərdə, içməli su mənbələrində, avtomobil yollarında və səkilərdə ehtimal olunan viruslara qarşı profilaktik tədbirlər həyata keçirməkdir.
Qeyd edək ki, Ordubad rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin şəxsi heyəti rayon Gigiyena və Epidemiologiya Mərkəzi və Baytarlıq İdarəsinin dezinfeksiya qrupları ilə birlikdə bu işləri layiqincə yerinə yetirməyə çalışır. Bunun üçün şəxsi heyət fərdi qoruyucu geyimlər, əlcəklər, eynəklər və tibbi maskalarla, həmçinin zəruri dezinfeksiyaedici maddələrlə təchiz olunub.

 

 Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti