Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin iş planına uyğun olaraq Naxçıvan şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi tərəfindən “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətində mebel fabriklərində baş verə biləcək­ yanğınların qarşısının alınması və söndürülməsi işinin təşkili” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

Təlimin keçirilməsindəəsas məqsəd Gəmiqaya Mebel Fabriki” MMC-də baş verə biləcək yanğınların söndürülməsi zamanı yarana biləcək döyüş sahələrinin əyani şəkildə şəxsi heyətə öyrədilməsi, yanğınsöndürənlərin peşə vərdişlərinin artırılması, fabrikin işçiləri ilə qarşılıqlı əlaqədə fabrikdə şərti baş vermiş yanğınların söndürülməsinin təşkili və qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsindən ibarətdir.
Təlimin planına uyğun olaraq birinci mərhələdə Gəmiqaya Mebel Fabriki” MMC-də şərti olaraq baş vermiş yanğınların söndürülməsi üzrə komandir-rəis heyətinin irimiqyaslı və mürəkkəb şəraitlərdə yanğınların söndürülməsi üzrə yerinə yetirəcəkləri qərarları dinlənilmiş, sonra 6 tədris yerindən ibarət olmaqla təlimin ikinci mərhələsində isə qazanxanada, boya saxlanılan anbarda və istehsalat sahələrində şərti olaraq baş vermiş yanğınların qarşısının alınması və söndürülməsinə, yanğın zonasından işçilərin və maddi vəsaitlərin təxliyə edilməsinə, xəsarət alanların xilas edilməsi və onlara ilk tibbi və həkiməqədərki yardımın göstərilməsinə, yanğın zamanı işçilərin tüstüdən və digər zəhərli qazlardan qorunmasına, sexlərdə yarana biləcək kiçik yanğınların ilkin yanğınsöndürmə vasitələri ilə söndürülməsi işinin təşkilinə həsr olunub.
Təlim zamanı fabrikin rəhbər heyətinin yarana biləcək situasiyanın qiymətləndirilməsi və qərar qəbuletmə bacarığı təkmilləşdirilib, Fövqəladə Hallar Nazirliyinin “112” və “101” xidmətləri ilə qarşılıqlı əlaqədə yanğınlara çevik reaksiya verilməsi sualları məşq etdirilib.
Təlimə Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin 4 ədəd avtomobili və ümumilikdə 44 nəfər şəxsi heyəti, “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Zil-130” markalı yanğınsöndürmə avtomobili 6 nəfərdən ibarət könüllü yanğın komandası cəlb olunmuşdur.
Təlim uğurla, təhlükəsizlik qaydalarına tam əməl edilməklə başa çatdırılıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub. Naxçıvan şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi daxili xidmət mayoru Mirtaleh Seyidov təlimdən sonrakı çıxışında qeyd edib ki, şəxsi heyətin döyüş, peşə və fiziki hazırlığının artırılması baxımından muxtar respublikanın bütün strateji əhəmiyyətli obyektlərində bu kimi təlimlərin keçirilməsi davam etdiriləcək, müəssisələrin fövqəladə hallara hazırlığı diqqət mərkəzində saxlanılacaqdır.

Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti