"Cahan Holdinq" Kommersiya Şirkətlər İttifaqında “1 Mart Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş konfrans keçirilmişdir. Konfransın keçirilməsində məqsəd “1 Mart Ümumdünya Mülki Müdafiə günü” ilə bağlı tədbir iştirakçılarına mülki müdafiənin məqsəd və prinsiplərinin çatdırılması və bu məqsəd və prinsiplərin həyata keçirilməsinin əhəmiyyətini bir daha ittifaqın kollektivinə xatırlatmaq olmuşdur.

Tədbiri giriş sözü ilə açan "Cahan Holdinq" Kommersiya Şirkətlər İttifaqının Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mütəxəssisi Rəşad Allahyarov konfransın əhəmiyyətindən danışmış və bu cür tədbirlərin mütəmadi olaraq həyata keçirilməsinin işçilərin təhlükəsizliyinin təmin edilməsindəki önəmini vurğulamışdır.


Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin bölmə rəisi kapitan Rəcəb Səfərov “1 Mart Ümumdünya Mülki Müdafiə günü” mövzusunda danışaraq muxtar respublikanın mülki müdafiə sistemi, eləcə də mülki müdafiə təbliğatı və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması barədə ətraflı məlumat verib. Fövqəladə hadisələr zamanı xəsarət alanlara yerində ilk tibbi yardımın göstərilməsi, yanğınların qarşısının alınması, yanğına səbəb olan amillərin aradan qaldırılması, fərdi mühafizə vasitələri və kollektiv mühafizə qurğuları haqqında məlumatların olması, fövqəladə hallar zamanı təxliyənin təşkili qaydalarına xüsusi diqqət yetirilməsi tövsiyyə olunub.

Nazirliyinin baş məsləhətçisi Əbülfəz Qafarov “Təbii və texnogen fəlakətlər zamanı davranış qaydaları” ndan bəhs edərək qeyd edib ki, gündəlik həyatımızda baş verəcək hadisələrə hər zaman hazırlıqlı olmalı və bu zaman davranış qaydalarını bilməliyik. Bu davranış qaydalarını bilməklə və ətrafdakı insanlara öyrətməklə dəyən ziyanı minimuma endirmək və daha az insanın xəsarət almasına nail olmaq olar. Nəzərə çatdırılıb ki, bu səbəbdən əhalinin maarifləndirilməsi, müxtəlif ekstremal vəziyyətlərdə əvvəlcədən hazırlıqlı olması, özünə və qarşılıqlı yardım qaydaları və üsullarını bilməsi mühüm şərtlərdən biridir.
Sonda tədbir iştirakçıların verdiyi suallar cavablandırılmış, mövzulara aid slaydlar, videolar təqdim edilmişdir.

 

                      Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti