Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazilriyində Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı tədbir keçirib. Tədbirdə əvvəlcə 1992-ci ilin fevralında erməni silahlı birləşmələri tərəfindən həyata keçirilmiş Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikası fövqəladə hallar nazirinin müavini general-mayor Hikmət Kərimov tədbirdə çıxış edərək bildirib ki, bəşər tarixinin ən amansız və qanlı hadisələrindən sayılan Xocalı soyqırımından 28 il ötür. Tarixin bütün dövrlərində xalqımıza qarşı xəyanətkar mövqedə duran, fürsət düşən kimi öz məkrli niyyətlərini həyata keçirən ermənilər XX əsrin sonlarında – Sovetlər Birliyi adlandırılan nəhəng imperiya süquta uğrayan zamanda öz mənfur simalarını bir daha büruzə verdilər.
Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurları imperiya qoşunlarının Xankəndidəki 366-cı motoatıcı alayının köməyi ilə gözlənilmədən hücuma keçib, Azərbaycanın ən qədim yaşayış məntəqələrindən sayılan Xocalını yerlə-yeksan ediblər. İnsanlığa sığmayan bu amansız soyqırımı hadisəsi, ağır cinayət aktı nəticəsində 613 nəfər günahsız soydaşımız xüsusi qəddarlıqla qətlə yetirilib, əliyalın, köməksiz insanlar ağır yaralanıb, itkin düşüblər.


Vurğulanıb ki, yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalıda törədilən cinayətlər barədə əsl həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul edib. 1997-ci il fevral ayının 25-də isə ulu öndərimiz Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Bu gün dahi şəxsiyyətin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı soyqırımının dünya ictimaiy­yətinə çatdırılması istiqamətində ardıcıl işlər görülür. Ölkə başçısının 2014-cü il 13 fevral tarixli “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən bu tədbirlərin beynəlxalq səviyyədə daha da genişləndirilməsi qərara alınıb.
Tədbirdə Fövqəladə Hallar Nazirliyi Aparatının Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi polkovnik Emin Qasımov “Xocalı soyqırımı: Heç nə unudulmur, heç nə yaddan çıxmır”, Aparatın baş zabiti daxili xidmət kapitanı Turan Şahhüseynov “Xocalı soyqırımının dünyaya tanıdılması” və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin zabiti kapitan Quliyev Ramil “Xocalı soyqırımı şahidlərin gözü ilə” mövzularında çıxış edərək ermənilərin xalqımıza qarşı dəfələrlə törətdikləri soyqırım hadisələrindən danışıblar.
Sonda Xocalı faciəsi ilə bağlı videomateriala baxış olub. 

Fövqəladə hallar nazirliyinin
mətbuat xidməti