Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeli qurumları fövqəladə hallar və digər xoşagəlməz hadisələr zamanı insanların xilas edilməsi və onlara ilk tibbi yardımın göstərilməsi üzrə müxtəlif mövzularda təlimlər keçirir.

Bu səpgidə Batabat Dövlət Təbiət Qoruğu ərazisində keçirilən təlimə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə alayının və Xüsusi Riskli Xilasetmə Xidmətinin 36 nəfərdən ibarət xilasedicisi və kinoloqları cəlb edilmişdir. Təlimin gedişində şərti olaraq dağlarda qar uçqunun yaranması ilə qar altında qalmış insanların axtarışının həyata keçirilməsi üçün bölmələr hadisə rayonuna yürüş keçirərək hərəkət marşurutlarının bağlanmış hissələrinin qardan təmizlənməsi və hərəkətin bərpa olunmasını təmin etmişlər. Qar uçqunu yerinə çatan xilasedicilər və kinoloqlar ərazinin vizual kəşfiyyatını aparmış, daha sonra təhlükəsizlik qaydalarına əməl etməklə xüsusi təyinatlı itlərlə, “Biper” cihazı və axtarış şupları vasitəsilə qar uçqunu altında qalmış insanların axtarışını həyata keçirərək onların yerlərini müəyyən etmiş, axtarışın nəticələri barədə qrup rəhbərlərinə məruzə etmişlər.
Növbəti mərhələdə zərərçəkənlərin xilas edilməsi alpinist avadanlıqlarının və digər şans alətlərinin köməyi ilə xilasedicilər tərəfindən aparılmış, zərərçəkənlərə donvurmaya qarşı ilk tibbi yardım göstərilərək yaxınlıqdakı xəstəxanaya təxliyəsi həyata keçirilmişdir.
Təlimin məqsədi beynəlxalq təlimlərdə iştirak etmiş nazirliyin xilasedicilərinin qazandığı təcrübənin digər xilasedicilərə öyrədilməsi, qar sürüşməsi zamanı kinoloqların xüsusi təyinatlı itlərin, eləcə də xüsusi təyinatlı “Biper” aparatı və şupların vasitəsilə xilasedicilərin axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması, zərərçəkənlərə ilk yardım və təxirəsalınmaz tibbi yardımın göstərilməsi, xilasetmə işləri zamanı təhlükəsizlik qaydalarına riayət olunmaqla xilasedicilərdə dözümlülük vərdiş və bacarıqların aşılanması, dağlıq ərazidə qış mövsümündə müvəqqəti düşərgənin salınması qaydalarının xilasedicilərə öyrədilməsindən ibarət olmuşdur.
Qeyd edək ki, təlim uğurla başa çatmış, qarşıya qoyulmuş məqsədlərə nail olunmuşdur.

 Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti