Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin mühəndis-geoloji, beton və sement laboratoriyası tərəfindən Gəmiqaya Beton Məmulatları Kompleksi  Məhdud Məsuliyyətli Cəmiyyəti, Naxçıvan şəhər Abadlıq Təmir və Tikinti İdarəsinin qum-çınqıl karxanası, Dizayn Beton Məmulatları Kompleksi  Məhdud Məsuliyyətli Cəmiyyəti, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qum-çınqıl karxanası və Cahan Beton Məmulatları Kompleksi Məhdud Məsuliyyətli Cəmiyyətində dövlət nəzarəti həyata keçirilmiş, maarifləndirici söhbətlər aparılmış və istehsal olunan tikinti materiallarından nümunələr seçilərək yoxlanılmışdır.

 

 Maarifləndirmə tədbirinin məqsədi beton zavodlarda və qum-daş karxanalarda operatorlar, laborantlar və bu sahə üzrə məsul cavabdeh icraçılar tərəfindən beton istehsalı zamanı betonun tərkibindəki doldurucuların miqdarına, keyfiyyətinə və mütəmadi sınaqlarının aparılmasına nəzarətin gücləndirilməsindən ibarət olmuşdur. Qeyd olunmuşdur ki, beton tərkibindəki doldurucuların gil və toz hissəciklərinin miqdarı normadan çox olarsa betonun möhkəmliyi və şaxtaya davamlılığı az olar. Bunun üçün betonun hazırlanması zamanı onun tərkibindəki doldurucuların normalara uyğun qatılmasına diqqət yetirilməli, betonun nəql olunması zamanı havanın tempraturu, daşınma məsafəsi və müddəti nəzərə alınmalıdır.

  

Bildirilmişdir ki, beton tikinti obyektlərində qəliblərə töküldükdən sonra onun vibratorlarla sıxlaşdırılmasına nəzarət artırılmalıdır ki, betonun səthi daha hamar, möhkəm və uzunömürlü olsun. Qeyd olunmuşdur ki, keyfiyyətli beton almaqdan ötrü betona müəyyən müddət ərzində qulluq göstərilməlidir. Bu məqsədlə beton qarışığı qəliblərə töküldükdən sonra səthinin tez qurumaması və çatların əmələ gəlməməsi üçün təbii amillərdən mühafizə etmək lazımdır. Havanın tempraturu yüksək olduqda betonun üzərini sulamaq lazımdır. Bildirilmişdir ki, bu qeyd olunanlara vaxtında əməl olunarsa istehsal olunan beton daha kefiyyətli, tikintilər isə dayanıqlı və uzunömürlü olar. Sonda verilən suallar cavablandırılmışdır.

 

 

Fövqəladə Hallar Nazirliyinin

mətbuat xidməti