Artıq bir neçə vaxtdır ki, muxtar respublika ərazisində taxıl biçini başa çatıb. Fövqəladə Hallar Nazirliyi tərəfindən bu il də ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsi sayəsində taxıl zəmilərində yanğın hadisələri baş verməmişdir. Taxıl sahələrinin yandırılması hallarına qarşı maarifləndirici tədbirlər görülsə də bəzi fermerlər və torpaq mülkiyyətçiləri tərəfindən biçilmiş sahələrin yandırılması hallarına yol verilir.

 

          Bu gün əksər fermerlər və torpaq mülkiyyətçiləri taxıl biçini başa çatdıqdan sonra yerdə qalan samanı və küləşi yandırmaqla torpağın münbitliyinin artacağını, alaqlara və zərərvericilərə qarşı mübarizənin səmərəli olacağını güman edirlər. Lakin bilmək lazımdır ki, əkin sahələrinin yandırılması yaxınlıqda yerləşən quru otlaq sahələrinə, meşə zolaqlarıns və mühüm əhəmiyyətli obyektlərə yanğın təhlükəsi yaratmaqla yanaşı, irimiqyaslı yanğınların bsaş verməsinə səbəb ola bilər.

        Fermerlər və torpaq mülkiyyətçiləri  bilməlidilər ki, sahələrin yandırılması torpağın üst qatındakı mineral maddələri də yararsız hala salır və münbitliyi azaldır. Bitki qalıqları müxtəlif üzvi maddələrin və qida elementlərinin ən vacib sahələrindən biri hesab olunur. Halbuki, onlardan düzgün və səmərəli istifadə etməklə torpağın münbitliyini artırmaq, strukturunu, rütubət tutumunu yaxşılaşdırmaqla olduqca yüksək iqtisadi səmərə əldə etmək mümkündür. Samanın və eləcə də digər bitki qalıqlarının yandırılması həm ekoloji cəhətdən ziyandır, həm də torpağın məhsuldarlığını aşağı salır. Biçindən sonra torpaqların şumlanması torpağın flora və faunası bitki qalıqlarını parçalayaraq torpağın münbitliyinin artmasına, qida maddələrinin mübadiləsinə səbəb olur, torpağın strukturunu yaxşılaşdırır və suyun torpaqda daha asan hərəkət etməsinə, nəmliyin toplanmasına imkan verir.

        Taxıl sahələrinin biçindən sonra yandırılması isə torpaqdakı üzvi maddələrin itirilməsinə, torpaq mikroflorasının məhv edilməsinə, bütövlükdə torpaq münbitliyinin kəskin surətdə azalmasına səbəb olur. Belə ki, samanı yandırdıqda bütün üzvi birləşmələr yanır və gələcəkdə bitkilərin böyümə və inkişafı üçün lazım olan və toxumanın quru maddəsinin təxminən 95 faizini təşkil edən orqanogen elementlər qaz halında itir. Bu isə öz növbəsində torpağın münbitliyinə mənfi təsir edir. Samanın yandırılması nəticəsində torpağın həyat qabiliyyəti pisləşir, faydalı mikroorqanizmlər məhv olur. Bir sözlə, yanğın zamanı yüksək temperatur torpağın üst qatına təsir edərək, nəticədə humus ehtiyatını məhv edir və torpağın fiziki-kimyəvi xassələri dəyişir. Eyni zamanda, biçindən sonra taxıl sahələrinin yandırılması növbəti ildə həmin sahədə becəriləcək bitkilərin məhsuldarlığını 20-30 faiz azaldır, fermer həmin sahədən əvvəlki ilə nisbətən daha az məhsul götürür.

Taxıl sahələrinin biçindən sonra yandırılması həm ekoloji baxımdan, həm aqrotexniki qaydalar baxımından zərərlidir. Eyni zamanda, biçindən sonra əkin sahələrini yandıran fermerlərə və torpaq mülkiyyətçilərinə tövsiyə edirik ki, onlar bu əməli törətməklə qanunvericilikdə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar. Artıq ötən ildən “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə edilmiş dəyişikliyə əsasən, əkin yerlərinin yandırılması qadağan edilib. Bu qadağanın tətbiqində məqsəd əkinəyararlı torpaq sahələrinin münbitliyini qorumaq, ekoloji mühitə vurulan zərərin qarşısını almaq, kənd təsərrüfatında məhsuldarlığı yüksəltməkdir. Qeyd etmək istəyirik ki, İnzibati Xətalar Məcəlləsinə yeni əlavə edilmiş 244-1-ci maddəyə əsasən əkin yerini yandıran fiziki şəxslər 400 manatdan 600 manata, vəzifəli şəxslər 1500 manatdan 2000 manata, hüquqi şəxslər isə 5000 manatdan 6000 manatadək məbləğdə cərimə oluna bilər.

         Əlavə olaraq qeyd etmək istəyirik ki, qışa hazırlıqla bağlı torpaq mülkiyyətçiləri, fermerlər və kənd sakinləri sahələrdən mal-qara üçün yem ehtiyatı yaradır, ot-saman tayaları yığırlar. Ot-saman tayalarını yığarkən onları evin çardağına və elektrik xətlərinin altına yığmaq  olmaz. Ot-saman tayaları xüsusi ayrılmış yerlərdə yerləşdirilməli,ətrafı çəpərlənməlidir. Tayanın ətrafında və yaxınlığında tonqal qalamaq, siqaret çəkmək və açıq oddan istifadə etmək yanğın təhlükəsi yaradır.

         Fövqəladə Hallar Nazirliyi olaraq bir daha torpaq mülkiyyətçilərinə, fermerlərə və kənd sakinlərinə tövsiyə edirik ki, yuxarıda qeyd olunan tövsiyələrə ciddi riayət olunsun. Hər hansı bir yanğın təhlükəsi ilə üzləşdikdə dərhal «112» qaynar telefon xəttinə vəya Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin «101» xidmətinə məlumat verilsin.

 

Fövqəladə Hallar Nazirliyinin

mətbuat xidməti