İsti yay günlərində vətəndaşların və muxtar respublikaya gələn turistlərin istirahətinin səmərəli təşkili üçün müvafiq tədbirlər görülür, yeni xidmət sahələri və istirahət guşələri istifadəyə verilir. Belə istirahət yerlərindən biri də Uzunoba Su Anbarında yaradılan çimərlikdir. Qeyd edək ki, iyun ayının 17-dən Naxçıvan şəhər çimərliyi fəaliyyətə başlayıb. Çimərlik ərazisində təmizlik işləri görülüb, insanların istirahəti üçün lazımi şərait

yaradılıb. Böyüklər və uşaqlar üçün çimərlik sahələri yaradılıb. Böyüklərin istirahəti üçün ayrılan sahə 10000 m2 olmaqla uzunluğu 255 m, eni 55 m, su hissəsinin dərinliyi relyefə uyğun olaraq 4-14 metr,. uşaqlar üçün isə nəzərdə tutulan sahə 1925 m2, uzunluğu 60 m, eni 35m, su hissəsinin dərinliyi isə 3 metr təşkil edir. Hər iki sahədə suyun üzərində çimərlik sərhədinin qurtardığını bildirən qadağanedici nişanlar qoyulub. Çimərlik ərazisində kölgəliklər və paltardəyişmə yerləri qurulub, idman meydançası, eləcə də avtomobil dayanacağı yaradılıb, ictimai-iaşə xidməti təşkil olunub.

Çimərlik istirahət zonasında insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə 1 müşahidə qülləsi quraşdırılıb, ərazidə xəbərdaredici və məlumatlandırıcı lövhələr vurulub. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin sularda  xilasetmə bölməsi xilasedici qayıqlarda 5 xilasedici və 1 həkimlə gündəlik xidmət aparır. Xidmət zamanı sahildəki müşahidə qülləsindən ətrafa davamlı nəzarət olunur, hər hansı qayda pozuntusu qeydə alınarsa səsgücləndirici qurğu vasitəsilə xəbərdarlıq edilir.

Qeyd etmək lazımdır ki, ötən illər çimərlikdə istirahət edən vətəndaşlarımız və Naxçıvan şəhərinə gələn qonaqlar tərəfindən                   mü­əyyən olunmuş təhlükəsizlik tədbirlərinə bir çox hallarda əməl olunmaması səbəbindən bədbəxt hadisələrin baş verməsinə şərait yaramış, vətəndaşların suda boğulma təhlükəsi ilə üz-üzə qalması müşahidə olunmuşdur. Bütün bunları nəzərə alaraq çimərlikdə bu çür xoşagəlməz halların qarşısını almaq məqsədilə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi vətəndaşlarımıza aşağıdakı təhlükəsizlik qaydalarına əməl etmələrini tövsiyə edir:

- çimərlik üçün ayrılmış və xüsusi avadanlıqlarla təchiz edilmiş yerlərdən başqa qadağan edilmiş yerlərdə suya girmək məsləhət görülmür;

- qadağanedici nişanlarla işarələnmiş sahədən kənara çıxmaq olmaz;

- küləkli və yağışlı havalarda suya girmək təhlükəlidir;

- çimərlik ərazisində uşaqları nəzarətsiz qoymayın, 13 yaşına çatmamış uşaqların nəzarətsiz suya girməsi qadağandır;

- çimərlik ərazisini və suyun dibini müxtəlif cismlərlə (şüşə, konserv bankaları, plastik kütlə, ərzaq tullantıları və sair) zibilləməyin;

- xilasedicilərin çağırış və tələblərinə riayət edin, suda kobud hərəkətlərə, yersiz zarafatlara yol verməyin;

- xəbərdaredici nişanların və lövhələrin tələblərinə riayət edin;

- sərxoş halda suya girmək həyatınız üçün təhlükəlidir;

- skuterlərin sərxoş şəxslərə verilməsi qadağandır;

- yemək yedikdən dərhal sonra suya girmək sağlamlığınız üçün təhlükəlidir;

- əgər suda olarkən hər hansı bir xoşagəlməz hadisə baş verərsə, özünüzü itirməyin və çığırmayın, çünki çığıran zaman ağciyərlərin su ilə dolması qaçılmazdır və bu, boğulmaya səbəb ola bilər;

- suda batan şəxsin xilas edilməsi üçün ilk növbədə xilasediciləri köməyə çağırın, sonra isə əlaltı vasitələrdən istifadə etməklə ona kömək etməyə çalışın;

- əgər üzməyi bacarırsınızsa, batan şəxsə tərəf yaxınlaşıb arxadan onun saçından tutub sahilə doğru çəkin.

- unutmayın ki, əgər batan şəxs suda 6 dəqiqədən az qalıbsa, onu xilas etmək mümkündür.

 

Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti