Ölkəmizdə, eləcə də muxtar respublikada meşə yanğınlarına, biçilmiş taxıl sahələrinin və digər əkin tarlalarının ehtiyatsızlıqdan yaxud qəsdən yandırılmasının qarşısını almaq üçün ciddi tədbirlər görülür. Bu məqsədlə torpaq mülkiyyətçiləri, sahibkarlar, kombayn sürücüləri və mexanizatorların iştirakı ilə maarifləndirici tədbirlər keçirilir.

Keçirilən tədbirlərdə taxıl sahələrində, meşə və meşə zolaqlarında tələb olunan qaydalara riayət olunmasının vacibliyindən danışılır. Qeyd olunur ki, dənli və texniki bitkilərin yığımı, daşınması, saxlanması və emalı dövründə siqaret çəkən zaman ehtiyatsızlıq, uşaqların odla ehtiyatsız davranışı, texnikalar istismar olunarkən texniki istismar qaydalarının pozulması, qığılcımsöndürən qurğuların nasazlığı yanğınlara səbəb olur. Bildirilir ki, mövsüm ərzində yanğınların sayının minimuma enməsi üçün təsərrüfat rəhbərləri, təsərrüfatlarda yanğın təhlükəsizliyinə məsul şəxslər, taxıl yığımında, ot biçinində iştirak edən hər bir kənd təsərrüfatı işçisi yanğın təhlükəsizliyi ilə bağlı öz üzərinə düşən vəzifələrə daha ciddi münasibət bəsləməlidirlər. Bunun üçündə bütün qabaqlayıcı tədbirlər vaxtında həyata keçirilməli, yanğına qarşı səmərəli təbliğat işi aparılmalı, taxıl mövsümü ərəfəsində bütün texnikalar yanğın-texniki müayinədən keçirilməli, onlar ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalı, yanğın törədə biləcək hər bir fakta və onların vaxtında aradan qaldırılmasına ciddi və prinsipial münasibət göstərilməlidir.
Diqqətə çatdırılır ki, sahələrin yandırılması torpağın münbitliyinə mənfi təsir göstərir. Aqrotexnika ilə məşğul olan, kənd təsərrüfatı haqqında məlumatlı olan şəxslər bilməlidir ki, yanğın maddi itki də gətirir. Texnoloji baxımdan yanaşdıqda isə yandırılan torpaqlarda məhsuldarlıq aşağı düşür. Ona görə, fermerlər öz sahələrini qorumalıdırlar.
Görüşdə, həmçinin, meşələrdə yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsi üçün bütün zəruri qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanır.
Tədbirlərdə mövzularla bağlı geniş müzakirələr aparılıb, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.