Uzunoba İstirahət Mərkəzində keçirilən açılış tədbirində Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri Şahin Mirzəyev, gənclər və idman naziri Ramil Hacı çıxış edərək 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə iştirakçıları təbrik edib, onlara xoş istirahətlər arzulayıblar.

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri Şahin Mirzəyev bildirilib ki, muxtar respublikada istirahət yerlərindən biri olan Uzunoba Su Anbarında yaradılan çimərlik istirahət zonasında təhlükəsizlik tədbirləri görülüb. Qeyd olunub ki, çimərlik mövsümündə Fövqəladə Hallar Nazirliyinin təlim və kurslarda iştirak etmiş xilas etmə qrupu ərazidə xidmət aparacaq. Əraziyə müvafiq xəbərdaredici və qadağanedici nişanlar qoyulub, suyun üzərində çimərlik sərhədinin qurtardığını bildirən məhdudlaşdırıcı şarlar quraşdırılıb. Xilasetmə qrupları xilasedici qayıqlar və avadanlıqlarla təchiz olunub.
Digər çıxış edənlər bildiriblər ki, muxtar respublikada istirahət yerlərindən biri olan Uzunoba Su Anbarında yaradılan çimərlik istirahət zonasında su və digər idman növləri üzrə yarışların, eləcə də müxtəlif tədbirlərin keçirilməsinə şərait yaradılıb. Qeyd olunub ki, quru sahəsinin uzunluğu 233 metr olan çimərliyə əlavə olaraq qum verilib, nümunəvi xidmətin təşkili məqsədilə ərazidə abadlıq və təmir-bərpa işləri görülüb. Burada böyüklər və uşaqlar üçün nəzərdə tutulmuş iki çimərlik, kafe-restoran, müşahidə qülləsi, şəxsi əşyaların saxlanılması üçün dəmir dolab, duş kabini, pedallı su qayığı, çətir, şezlonq, sanitar qovşaq və açıq istirahət köşkləri mövcuddur.
Qeyd edək ki, çimərlik saat 9:00-dan 19:00-dək, kafe-restoran isə gecə saatlarınadək fəaliyyət göstərəcək.