Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi “Heydər Əliyev İli”nə həsr olunan “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan qaldırmaqdan daha asandır” şüarı ilə taktiki-xüsusi təlim keçirib.

“Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin və qarşılıqlı əlaqənin təşkili, zədələnmə ocaqlarında axtarış-xilasetmə, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması” mövzusunda keçirilən taktiki-xüsusi təlim Naxçıvan Fövqəladə Hallar Nazirliyinin xilasetmə qurumlarının iştirakı ilə keçirilib.
Təlim planına uyğun olaraq, episentri Culfa rayon Darıdağ massivi olmaqla 6,8 bal gücündə şərti zəlzələ baş verib və şərti zəlzələ nəticəsində bir sıra yaşayış binalarında, digər tikillilərdə dağıntılar qeydə alınıb. Təbii fəlakət zonasında çoxlu sayda insanın uçqunlar altında qalaraq həlak olması və müxtəlif dərəcəli bədən xəsarətləri alması ehtimat olunur. Həmçinin zəlzələ sanitar-gigiyenik vəziyyətin pisləşməsinə, yoluxucu xəstəliklərin yayılmasına səbəb olub. Bu məqsədlə şərti zəlzələ yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qurumlarının şəxsi heyəti və texnikaları cəlb olunub.
Əvvəlcə məlumatların toplanması və qarşılıqlı əlaqənin təmin olunması məqsədi ilə idarəetmə məntəqəsi yaradılıb. Ərazidə ümumi kəşfiyyat aparıldıqdan sonra qəza-xilasetmə və digər təxirəsalınmaz işlər aparılıb.
Partlamamış sursatların təmizlənməsi və yanğınların söndürülməsindən sonra kimya kəşfiyyatı və axtarış-xilasetmə qrupu mühəndis texnikasından istifadə edərək keçid yolları açıb, uçma təhlükəli konstruksiyalarda bərkitmə işləri aparılıb. 
Bundan sonra xilasedicilər xilasetmə işlərini yerinə yetiriblər.
Təlim yerində baş verən yanğın nəticəsində kimyəvi maddələrin ətrafa yayılması xilasedicilərə və ətrafda yaşayan insanlara təhlükə törətdiyindən hadisə yerinə yanğınsöndürmə heyəti cəlb olunub, tüstülənmə mənbəyi lokallaşdırılıb və zəhərli buludun yayılmasının qarşısı alınıb.
Yeraltı təkanlar zamanı avtomobildə idarəetməni itirən vətəndaş nəqliyyat qəzası törətdiyi üçün hadisə yerinə dərhal xüsusi təyinatlı xilasetmə avtomobili cəlb olunub. Xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalan zərərçəkmişi xilas edib.
Şərti təbii fəlakət nəticəsində ziyan görən insanlar xilas edilərək onlara ilk tibbi yardım göstərilib və tibb məntəqəsinə təxliyə edilib. 
Vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi üçün Naxçıvan Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin daim yüksək hazırlıq vəziyyətində saxlanılması, fövqəladə hallarla mübarizə üzrə qurumlararası qarşılıqlı fəaliyyət və idarəetmə imkanlarının daha da genişləndirilməsi məqsəsdilə keçirilən təlimdə verilən tapşırıqlar müvəffəqiyyətlə icra olunub.