Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi -Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 30 dekabr 2005-ci il tarixli  6-III FR nömrəli Fərmanı ilə yaradılmışdır.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə -  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 16 may 2006-cı il tarixli 27-III FR nömrəli Fərmanı ilə təsdiq edilmişdir.

Əhatə etdiyi ərazi barədə qısa məlumat:

Naxçıvan Muxtar Respublikası paytaxt Naxçıvan şəhərindən və 7 inzibati rayondan - Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz, Sədərək təşkil olunub. Muxtar respublikanını 6 şəhəri, 9 qəsəbəsi, 203 kəndi var.

Naxçıvan Muxtar Respublikası Zaqafqaziya dağlarının cənub-şərqində yerləşir. Dəniz səviyyəsindən orta yüksəkliyi 1450 metrdir.
Ərazisinin böyük bir hissəsi şimaldan cənuba və qərbdən şərqə doğru relyefi, iqlimi, oroqrafiyası və geoloji quruluşu ilə əhəmiyyətli dərəcədə fərqlənir. Bu da öz növbəsində müxtəlif genezisə malik təhlükəli təbii proseslərin, xüsusən də hidrometeoroloji təhlükəli proseslərin geniş inkişaf etməsinə səbəb olmuşdur.

Muxtar respublikanın orta və yüksək dağlıq əraziləri aktiv seysmik zonalar hesab edilir. Bu ərazilərdə 8-9 bal gücündə zəlzələlərin baş vermə ehtimalı yüksəkdir. Son yüz ildə (1915-2015-ci illər) muxtar respublika ərazisində və onunla həmsərhəd olan dövlətlərin bitişik ərazilərində maqnitudası 5 baldan yuxarı olan 48 zəlzələ baş vermişdir.

Muxtar respublikanın dağlıq və dağətəyi ərazilərdəki çaylarda sellər demək olar ki, hər il təkrarlanır. Azərbaycan Respublikası ərazisində baş verən sellərin 17,6 %-i və ya 119-u muxtar respublikanın payına düşür. İndiyə qədər muxtar respublika ərazisində 27 selli çay qeydə alınmışdır ki, bunların da 12-si daha təhlükəli sayılır.

Muxtar respublikada təsərrüfatlara və əhalinin məskunlaşmasına mənfi təsir göstərən təhlükəli təbii fəlakətlərdən biri torpaq sürüşməsi hesab olunur. Sürüşmə əsasən, dəniz səviyyəsindən 1500 m-dən 3000 m-dək yüksək sahələrdə, xüsusilə Naxçıvançayın yuxarı axarlarında, Batabat gölünün ətrafında və Küküçayın başlanğıcında, Arpaçayın və Cəhriçayın hövzəsində, Əylisçayın və Gilançayın hövzələrinin yuxarılarında geniş yayılmışdır.

Muxtar respublikada digər təbii proseslərlə müqayisədə daşqın və subasma hadisəsi nadir hallarda baş verən təbii hadisədir. Araz çayında suyun səviyyəsinin qalxması ilə subasmaya məruz qala biləcək torpaqların ümumi sahəsi 120 kmqiymətləndirilir. Subasma təhlükəsi daha çox Şərur rayonunun 17 yaşayış məntəqəsini və 77,71 kmtorpaq sahəsini əhatə edir.

Muxtar respublika ərazisinin kəskin iqlim şəraiti, enerji daşıyıcı ehtiyatlarının olmaması və digər amillər burada müxtəlif yönümlü ekoloji problemlərin yaranmasına da səbəb olmuşdur. Arazboyu düzənliklərdə və dağətəyi zonada suvarma nəticəsində kənd təsərrüfatının müxtəlif sahələrinin inkişaf etdirilməsi öz növbəsində torpaqların şoranlaşmasına, yay otlaqlarının xeyli hissəsində eroziya prosesinin inkişafına, yem bitkilərinin seyrəkləşməsinə gətirib çıxarmışdır.

Muxtar respublika ərazisində fövqəladə hal təhlükəsi yarada biləcək  hidrometeoroloji təhlükəli proseslər və hadisələrə - doluvurma, toz fırtınası, leysan yağışları, ildırım və şimşək, havanın anomal yüksək və aşağı temperaturları, qar çovğunu və s. daxildir.

Ərazisi: 5502,75 km2

Əhalisi: 463 min nəfərdir (01.01.2022)

662969
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
463
335
2937
16963
662969

Tarix: 29 -03-2024